Bildiriler

Əhməd Bəy Ağaoğlunun “Üç Mədəniyyət” Əsərinin Birgəyaşayış Anlayışına Təsiri

Aygül Məmmədova Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsinin laborantı Müəllif

Xülasə

Məqalənin əsas məqsədi XX əsr türk ideologiyasının təmsilçisi, şərqşünas alim Əhməd bəy Ağaoğlunun “Üç mədəniyyət” əsərində cəmiyyətdə birgəyaşayış düşüncəsinin formalaşmasına təsir edən amillərin araşdırılmasıdır. Ağaoğlunun 1919-cu ildə Maltada sürgündə olduğu zaman qələmə aldığı bu əsərdə məqsəd cəmiyyətdə birgəyaşayışı təmin etmək və bu sahədə uğur qazanmaqdır. Alim əsərdə belə qənaətə gəlir ki, həyatın bütün mərhələləri bu təsiredici amillərə uyğun olaraq qurulmalıdır.
Ağaoğluna görə, müasir cəmiyyətlərdə ortaq ailə həyatları, istər milli, istər dini bayramların çoxluğu, insanların birgəyaşayışının vacibliyini təmin etməli, uşaqların yaddaşlarında ortaq xatirələr yaratmalıdır. Belə olduqda, uşaqlıq dövrlərindən etibarən, insanların zehinlərində ortaq həyatın mənəvi əsasları formalaşır.
Alimin düşüncəsinə görə, müasir cəmiyyətlərdə hər məhəllə camaatı fəal bir bütündür. Onların xüsusi ibadət yerləri, kimsəsizlərə yardım dərnəkləri, hətta müştərək büdcələri də mövcud olmalıdır. Bu cəmiyyətlərdə birgəyaşayışı təmin etmək, insanlar arasında sıx əlaqələr yaratmaq məqsədilə müharibədən əziyyət
çəkən kimsəsiz insanların ehtiyaclarını təmin etmək üçün dərnək və təşkilatlar qurulmalıdır. İslam dini yarandığı zaman əsas hədəflərindən biri cəmiyyətin birgəliyinin təşkili olmuşdur.
Ağaoğluna görə, cəmiyyət həyatında birgəyaşayışın qüvvətlənməsinə səbəb olan amillər arasında fəlsəfə ilə ədəbiyyatın xüsusi yeri mövcuddur. Fikir cərəyanlarının müasir cəmiyyət həyatına xüsusi təsirləri var.
Ağaoğlu cəmiyyətin birləşdirici amili olaraq ədəbiyyatın önəmini də vurğulamışdır. Yazıçı və şairlər cəmiyyətdəki ictimai problemlərlə əlaqəsi olan maarifləndirici şəxslərdir. Ədəbiyyat yalnız zamanın və məkanın problemlərini əks etdirmir, həmçinin cəmiyyətdə yeni fikirlərin, hisslərin inkişafına təkan verir. Ağaoğlunun “Üç mədəniyyət” əsərində cəmiyyətin inkişafı baxımından musiqinin də önəmi vurğulanır. Musiqi, opera ortaq duyğuların bəslənməsi, milli zövqün formalaşması baxımından önəmlidir. Operada bir araya gələn insanlar müəyyən müddət ərzində olsa da, aralarındakı təbəqə fərqliliyini unudub, ortaq musiqi həzzini yaşayırlar.
Ağaoğlunun “Üç mədəniyyət” əsərində qeyd etdiyi kimi, teatrlar cəmiyyətdəki birgəliyi təmin edən sosial mühitdir. Səhnədə göstərilən tamaşalar cəmiyyətin müxtəlif təbəqələrinə mənsub olan insanlarda eyni fikir və duyğuların yaranmasına səbəb olur. Ağaoğlunun düşüncəsinə görə, teatrlar ümumilikdə, ictimai amillərin əsası olan dilin, əxlaqın, ortaq duyğuların inkişafına xidmət edərək, fikir və hiss birliyinin yaranmasına imkan yaradır. İctimai və tarixi hadisələri əsas götürən teatrlar isə milli şüurun yaranmasında vacib amildir. Beləliklə, Ağaoğlunun “Üç mədəniyyət” əsərinə əsasən, din, əxlaq, fəlsəfə, ədəbiyyat, musiqi, teatr cəmiyyətdə birgəyaşayışı təmin edən vacib amillər sırasındadır.

Açar sözlər

Əhməd bəy Ağaoğlu, cəmiyyət, fərd, mədəniyyət, din