İslam Dinində Qardaşlıq
İslam dinlərin sonuncusu sayılır. Bu inanc VII əsrin əvvəllərində təşəkkül tapmışdır. Həmin dövrdə xristian Bizans və atəşpərəst fars imperiyaları arasında bitib-tükənməyən müharibələr hər iki dövləti zəif salır və xalqları olmazın zülmlərə düçar edirdi. Din müharibə və işğalçılıq məqsədlərinə bəraət qazandırmaq üçün istifadə edildiyindən mühafizəkarlığı güclənmiş, digər tərəfdən, onu islah etmək, yeniləşdirmək, milyonlarla insanın tələbatına uyğunlaşdırmaq meyilləri oyanmışdı. Belə bir zamanda Məhəmməd peyğəmbər (s) Ərəbistan yarımadasının mərkəzində Məkkə və Mədinə şəhərlərində İslam dinini təbliğ etməyə başladı.
İslam dini hüquq bərabərliyinə, səmimiyyətə və qarşılıqlı ehtirama əsaslanır. Bu din kamil və misilsiz mənəviyyat xəzinəsidir. Dinimizin ən çox dəyər verdiyi mövzulardan biri də qardaşlıqdır.
Müsəlmanlar irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bir-birləri ilə qardaş və dostdurlar. Müsəlmanların dini kitabı olan Qurani-Kərimdə buyurulur ki, “Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki,bəlkə (əvvəlki günahlarınız bağışlanıb) rəhim olunasınız!” (“Hucurat”, 10).
Müsəlmanlar bir-birlərinin qayğısına qalmalı, məhəbbət bəsləməli, mehriban dolanmalı, təvazökar olmalı, bir başqası ilə münasibətdə təkəbbür göstərməməlidir. İmkan olduğu qədər ehtiyacı olanlara əl tutmalı, onların dərdlərinə şərik çıxmalıdırlar.
Qardaşlıq gözəl hisslər, xoş rəftar və təmiz əxlaq deməkdir. Ədalət, saleh əməl və xoş söz kimi anlayışlar ona istinad edir. İslamda qardaşlıq geniş və hərtətəfli, əhatəli bir anlayış olub, əməli məzmunda təcrid olunmamışdır. Əksinə o, mərhəməti, səmimiyyəti, təvazökarlığı, məhəbbəti, dostluğu, sədaqəti, etibarlılığı, lütfkarlığı vacib edən hissiyyatdır. Peyğəmbər (s) bu sözləri ilə qardaşlıq hissini yüksək qiymətləndirir: “Özünə istəyini qardaşına da istəməyincə, sizdən heç kəs iman sahibi ola bilməz” (Riyadus-salihin, 236).
Müsəlman qardaşlar bir-birlərinin çətinliklərini aradan qaldırmağa çalışmalı, yalnız tərif, hörmət, ehtiram göstərmək məqsədilə yoldaşlıq etməməlidirlər.
Müqəddəs Qurani-Kərimdə möminlər arasındakı həmrəylik, qardaşlıq, birlik və bərabərliklə bağlı çoxlu ayə vardır. “Həşr” surəsinin 10-cu ayəsində möminlərin həmrəyliyi dua ilə bildirilir. “Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”.
Müsəlman qardaşlar hər zaman bir-birlərinə dəstək olmalı, bir-birlərinin arxasında durmalıdırlar.
Downloads
Article Information
- Article Type Proceedings
- Submitted August 9, 2022
- Published September 20, 2022
- Issue Vol. 1 No. 1 (2020)
- Section Proceedings
İslam Dinində Qardaşlıq. (2022). International Symposium on The Experience of Coexistence in Islamic Culture, 1(1), 225-226. https://symposium.ait.edu.az/birgeyasayis-tecrubesi/article/view/281