Bildiriler

Azərbaycan Respublikası “İslam Tolerantlığına və Birgəyaşayış Ənənəsinə Sadiq Dövlət Modeli” Kimi

fil.f.d. Şükufə Vəliyeva AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Dünya ədəbiyyatı və komparativistika şöbəsinin böyük elmi işçisi Müəllif

Xülasə

Birgəyaşayış qaydalarını bilmədən, birgəyaşayış mədəniyyətinə yiyələnmədən əsl vətəndaş olmaq mümkün deyildir. Cəmiyyət inkişaf etdikcə zamanla yeni əlaqə vasitələri yaranmış və “ünsiyyət” bəşər fikrini aktuallaşdırmaq vasitəsinə çevrilmişdir. Ölkəmizdə dinc birgəyaşayış ənənəsinə əsaslanan “qarşılıqlı təsir’’ prosesində tolerantlıq, qarşılıqlı hörmət və ehtirama söykənən köklü münasibətlər daha intensiv xarakter almaqdadır. İslam tarixinə nəzər salsaq, birgəyaşayış ənənəsinin ən gözəl nümunələrini İslamın ilk dövrlərindən başlayaraq, İslam tarixinin fərqli mərhələlərində görə bilərik. Bu baxımdan qeyd edək ki, İslamda birgəyaşayış qaydaları insanları əxlaqi cəhətdən saflaşdıran ünsürlərdəndir. Beynəlxalq qarşılıqlı əlaqələr sürətlə inkişaf etdiyi üçün ölkəmizdə dinlərarası əlaqələr özünəməxsus və geniş tərəqqi mərhələsinə qədəm qoymuşdur. Bu isə öz növbəsində, bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş “dövlətdin’’praqmatik siyasi kursunun hazırda İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizdə dini tolerantlıq ənənələrinin güclənməsinə öz həlledici töhfələrini verməkdədir. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən təkcə son illərdəki “Bakı prosesi”, “Multikulturalizm” və “İslam həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirləri, ənənəvi “Bakı Humanitar Forumu’’nu, “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu’’nu, “BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu’’nu, “Dünya dini liderlərinin I və II Bakı sammit’’lərini, o cümlədən “IV İslam Həmrəyliyi Oyunları’’nı, habelə ‘’Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi’’nin yaradılması kimi faktları sadalamaq kifayətdir ki, İlham Əliyevin tarixən Azərbaycan ərazisində mövcud olan sivil birgəyaşayış qaydaları və normaları əsasında uzlaşdırılmış dini münasibətlər sistemini yaratmağa xidmət edən, Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə hədəflənən fəaliyyəti təsdiqlənsin.
Bundan əlavə, Prezident İlham Əliyevin Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması barədə imzaladığı sərəncam dövlətin İslamın təşkili sahəsinə verdiyi dəyərin bariz nümunəsidir.
Cəsarətlə qeyd edə bilərik ki, insanların vəhdət halında yaşamasını və birgəyaşayışın insan üçün əhəmiyyətini özündə ehtiva edən İslam dini dövlətimizin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır.

Açar sözlər

İslam, tolerantlıq, birgəyaşayış, dövlət