Xətib Təbrizinin “Şərhul-Müfaddaliyat”ında (İxtiyarət) Müxtəlif Dinlərə İtiqad Göstərən Şairlər
Ərəb ədəbiyyatında özünəməxsus xüsusiyyətləri ilə seçilən antologiyalardan biri VIII əsrdə yaşayıb-yaratmış Kufə məktəbinə mənsub bir ərəb dilçisi əl-Mufaddal (və ya Mufazzal) ibn Məhəmməd ibn Yə’la (və ya Mə’la) ibn Əmir ibn Səlim ibn ər-Ramal əd-Dabbiyə məxsusdir. Rəvayətə görə, əl-Mufaddal əd-Dabbinin antologiyası xəlifə əl-Mənsurun təşəbbüsü ilə oğlu əl-Mehdinin tərbiyə edilməsi üçün yazılmışdır.
“Əl-Mufaddaliyyat” əsərinə bir neçə şərh yazılmışdır. Alimlərin fikrincə, Mufaddal əd-Dabbinin “əl-Mufaddaliyyat” antologiyasına yazılan ən kamil və dəqiq şərh Xətib Təbrizinin (1030-1109) şərhidir və həmin şərh əlyazması şəklində Tunisin Milli Kitabxanasının Əlyazmaları fondunda saxlanılır. Bu həm də şərhin Xətib Təbrizinin xətti ilə olan, avtoqraf nüsxəsidir.
Ədəbiyyatçı, şair, dilçi, əruzşünas olan Xətib Təbrizi Bağdadda böyümüşdür. Sonralar Şam ölkəsinə yola düşmüş və Əbul-Əla əl-Məərridən dərs almışdır. Səlim bin Eyyub Bəsura və bir çox onun kimi alimlərin mühazirələrini dinləmiş, çoxlu şagirdləri olmuşdur. Bir müddət Dəməşqdə qalmış, yenidən Bağdada qayıtmışdır. Nizamiyyə mədrəsəsinin kitabxanasındaqərar tutmuş, 40 il ona başçılıq etmiş və burada dərs demiş mütəfəkkir qəflətən Bağdadda vəfat etmişdir.
756-cı ildə tamamlanan antologiyaya 66 şairin bütövlükdə 2 727 beytdən ibarət 128 və ya 130 qəsidəsi daxil edilmişdir. Antologiyaya daxil edilmiş şairləri etiqadi baxımdan, eləcə də həmin dövrdə daha çox tanındıqları məşğuliyyətlərinə görə də fərqləndirmək olar. Buraya muxadramun və İslam dövründə yaşamış şairlərlə yanaşı, yəhudi və nasara, eləcə də fərasən (süvari, döyüşçü) və səalik (yolkəsən, quldur) kimi tanınmış şairlərin də şeirləri daxil edilmişdir. Şairlərdən 6-sı müsəlman, 14-ü muxadramun, 2-si xristian, 2-si yəhudi, digərləri isə müxtəlif dinlərə mənsub olmuşlar.
Antologiyaya daxil edilmiş şairləri etiqadi baxımdan aşağıdakı kimi qruplaşdırmaq olar:
– muxadramun (həyatlarının müəyyən hissəsini Cahiliyyə dövründə yaşamış, İslamın gəlişindən sonra bu dini qəbul edərək müsəlman kimi ömür sürmüş) şairlər. Antologiyada onların sayı on dörddür. Aşağıdakıları nümunə göstərə bilərik:
Muxəbbəl bin Sədi. Muxəbbəl əs-Sədi və ya Muxəbbəl əlQari Cahiliyyə dövrü şairi olmuşdur. İslamın zühurundan sonra bu dini qəbul etmişdir. Osman bin Affanın dövründə vəfat etmişdir. Ömər bin Xəttabın dövründə vəfat etdiyini bildirən mənbələr də vardır. Bəni-Təmim qəbiləsindəndir.
Yəzid bin Ambu bin Vaillə bin Üns bin Abdullah bin Abdu Tim Şəms. Nisbəsi Abd bin ət-Tabibdir. Aşməs bin Səd bin Zeyd Mənat bin Təmim də deyirmişlər. İki tarixi dövrdə yaşamışdır. İslamın zühuru dövründə yaşamış və onu qəbul etmişdir.
Rabia bin Maqrum əd-Dabbi. Cahiliyyənin sonu, İslamın əvvəllərində yaşamışdır. Bin əl-Haris söyləmişdir ki, Əbu Ömər
Şeybani idi. Həmçinin 31 və 35-ci qəsidələrin müəllifir. Ərəbistan yarımadasındandır. Raşidilər xilafəti dövründə yaşayıb. Təxminən, 100 il ömür sürmüşdür. İslam Ordusunun tərkibində əl-Qadisiyyə döyüşündə iştirak etmişdir.
Antologiyada daha on bir muxadram şairin qəsidəsi verilir.
Müsəlman şairlər
Mutəmmim bin Nəvira. Ərəb şairidir. O, Peyğəmbərin dövründə Mədinəyə gəlmiş və İslamı qəbul etmişdir. Öz qövmünün şərəflisi, onun tanınmış qəhrəmanı (süvari döyüşçüsü), Peyğəmbərin (s) səhabəsidir. Gözəl müsəlman olmuşdur. Malik bin Nəvira onun qardaşıdır.
Murar bin Munqaz. Ərəb İslam şairlərindəndir. Bəni-əlAvdiyyə və ya Bəladviyyə qəbiləsindəndir. Onların birinci anası bəni-Əda bin Abdu Mənatdan olan Xizamə bin Təmim Bəd ədDoul bin Culldur. Divanı var. Nisbəsi Murar bin Abd bin Ömər bin Sədi bin Malik bin Hanzələ ət-Təmim “Mufaddaliyyat” müəllifi onun “mimiyyəsini” antologiyaya daxil etmişdir. Qəsidədə şair xurma ağacı ilə fəxr edir. Onun öz müasiri Cərirlə aralarında həcvləşmə olmuşdur.
Cəbihau əl-Əşcai. Cəbihəu və ya Cəbhəu onun ləqəbidir. Adı Yəzid bin Xəşimə bin Ubeyd əl-Əşcaidir. Bədəvi islami ərəb şairidir. Divanı var. “Mufaddaliyyat”a daxil edilmiş qəsidəsində bəni-Teymdən olan şücaətli bir döyüşçünü tərifləyir. Əlİarənin yolunda şücaət göstərmişdir. BəniÜməyya dövründə vəfat etmişdir. O, Fərəzdəqi görmüşdür.
Şəbib bin əl-Bərsa. Tam adı Şəbeyb bin Yəzid bin Cumra bin Auf bin ibn Harisə bin Murra bin Nəşbə bin Ğeys bin Adnən əl-Bərsadır. Əl-Bərsa anasıdır. O, Umamə bint əl-Haris bin Auf bin Əbi Harisədir. Ailəsi Ğətbandan olan bəni-Murradır. Badiyə
Ğəffanda doğulub. Ərəbistan yarımadasında məskunlaşıb. Öz qövmünün şərəflilərindən olub, dini İslamdır. Təxminən, 100 (h)/718 (m) ilində vəfat etmişdir.
Sinan bin əbi-Sinan. Atası əbu-Sinan bin Muhsin əl-Əsədi qəbiləsindəndir. O, əl-Haris bin Zaliməl-Murrinin yeznəsidir. Onun bacısı Səlmə ilə ailə həyatı qurmuşdur. Sonralar Yəsribə köçmüş, beyət günü Peyğəmbərə (s) ilk beyət edənlərdəndir. Bədri səhabədir. Bədr, Uhud və Xəndək döyüşlərində iştirak etmişdir. Hüdeybiyyə sülh müqaviləsinin şahidi olub. Hicri 32-ci ildə vəfat etmişdir. “Mufaddaliyyat”da 13; 71; 72 və 100-cü qəsidələr onunkudur.
Bəkir bin əl-Əşc. O, Bəkir bin əl-Əşc əbu Abdullah əbu Yusif əl-Qarşi əl-Mədəni əl-Misridir. Mədinədə doğulmuş və böyümüşdür. Misirə getmişdir. Dünyasını dəyişənə qədər (122 (h) -720 (m)) orada qalmışdır. Tabeundən olan mühəddisdir.
Xristian şairlər
Alqəmə əbi Abdə ən-Niman bin Eys Əhədsi. Əbu Yəfər bin Əlqəmə bin Məlik bin Zümeyl bin Suvar bin Əsəs bin Rabbi bin Nəməra bin Ləxəm. O, Hiranın onbirinci Məliki idi. 503507-ci illərdə hökmranlıq etmişdir. Zumeyl Nasranının ailəsindəndir. Filkiyniyus onu hərbi komandan kimi təsvir etmişdir. Əbu Yəfər ən-Nasturi məzhəbindən idi. Yəqubi məzhəbindən olan Filuksinis əl-Mənbəci Nasturilərin həyatından bəhs edən risalə göndərmişdir.
Haris bin Hillizə ibn Məkruh bin Abdullah. İslamdan əvvəl yaşamış ərəb şairidir. Müəlliqə müəlliflərindən biridir. Xətib Təbrizi qeyd edir ki, o, öz müəlliqəsini 135 yaşında yazmışdır. Şair Ömər bin Gülsümün (bəni-Təğləb qəbiləsi) müasiri olmuşdur. Təxminən, 580 (m) –cı miladi ilində vəfat etmişdir.
Deyilənə görə, 150 il yaşamışdır. Əbu Ləvis Şeyxiyə görə etiqadi baxımından nasrani olmuşdur.
Antologiyaya iki yəhudi şairin qəsidəsi daxil edilmişdir. Onlardan biri Hasin bin Haməm əs-Səhmidir. Cahiliyyə dövrü şairidir. Sənət baxımından tacir olan Səhmi bəni-Sarmə yəhudidən əhli-Təmam qəbiləsindən idi.
Digər yəhudi şair haqqında heç bir məlumat verilmir. “Mufaddaliyyat”da 37-ci yeri tutan qəsidə “Qasıdətu racul min əlyəhud” ünvanı altında Xətib Təbrizinin şərhi ilə birlikdə verilir.
Antologiyaya daxil edilmış qalan qırx dörd şair İslamdanəvvəlki müxtəlif dinlərin nümayəndələridirlər. Antologiyanı tərtib edən Mufaddal Dabbi kimi onun şərhçisi Xətib Təbrizi də etiqadi fərqliliklərə baxmayaraq, hər bir qəsidəni beyt-beyt leksik və qrammatik baxımdan açıqlamışdır.
İndir
Makale Bilgileri
- Makale Türü Bildiriler
- Gönderildi Ağustos 27, 2022
- Yayım Tarihi Eylül 20, 2022
- Sempozyum Cilt 1 Sempozyum 1 (2020)
- Bölüm Bildiriler
Xətib Təbrizinin “Şərhul-Müfaddaliyat”ında (İxtiyarət) Müxtəlif Dinlərə İtiqad Göstərən Şairlər. (2022). “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq Simpozium, 1(1), 59-63. https://symposium.ait.edu.az/birgeyasayis-tecrubesi/article/view/213