Bildiriler

İslamda Mötədillik Anlayışı Birgəyaşayışın Əsas Prinsipi Kimi

Samirə Hadıyeva Bakı Dövlət Universiteti Qafqaz xalqları kafedrasının magistrantı Müəllif

Xülasə

Din hər bir cəmiyyətin anlayış tərzinə, ümumilikdə, həmin cəmiyyətdəki ictimai əlaqələrə təsir edən mühüm faktorlardandır. Bu faktor insanların hər cəhətdən həyat tərzinə, bəşəri münasibətlərə təsir göstərmişdir. Həmin cəmiyyətdə eyni inanclara sahib fərdlərlə yanaşı, cəmiyyətdə fərqli inanclara mənsub insanlar arasındakı münasibətləri tənzimləmək də əsas amillərdən hesab olunur. Cəmiyyətdə birgəyaşayış prinsipinin inkişafı üçün tarixboyu müəyyən inteqrasiyaedici nəzəriyyələr irəli sürülmüşdür.
Buna misal olaraq, Orta əsrlərdə xristian dünyasında məzhəblərarası konfliktləri həll etmək və birgəyaşayışı təsis etmək üçün “tolerantlıq” məfhumu ortaya çıxmışdır. Tolerantlıq qarşısını alma və ya cəza vermə imkanı var ikən bir şəxsin düşüncələrinə zidd olan fikirlərə dözümlü yanaşmaqdır.
İslam cəmiyyətində də inanc fərqliliyi mövcuddur. Meydana gəldiyi dövrdən İslam cəmiyyəti modelində fərqli dinə, inanca məxsus müsəlmanlar, qeyri-müsəlmanlar, habelə “əhli-kitab” hesab edilən yəhudi, xristianlar, məcusilər (onlara əhli-kitab kimi yanaşanlar da var və ya əksini irəli sürənlər də mövcuddur)yaşayırdılar. Buna baxmayaraq, İslamda eyni inancı bölüşmədən, fərqli düşüncələrə sahib insanların birlikdə yaşaya bilmələri və aralarındakı fikir ayrılığına hörmət göstərilməsi tarixboyu özünü büruzə vermişdir.
İslamda tolerantlıq mötədillik termini çərçivəsində açıqlanmışdır. Mötədillik tolerantlığın sinonimi deyildir. Mötədillik daha geniş anlayışdır. Bu anlayış İslam dininin əsas prinsipi olaraq qəbul edilmiş və həm gündəlik həyatda, həm də inancda və ibadətdə həmin anlayışa sadiq qalmaq mühüm şərt kimi qəbul edilmişdir. İslamdakı mötədilliyin ən yüksək nümunəsi Quranın Bəqərə surəsindəki 256-cı ayədə öz əksini tapmışdır:
“Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edilmişdir. Hər kəs Tağutu inkar edib Allaha iman gətirsə, o, artıq artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir biləndir.”
Bu ayədə insanların bir-birinin dininə hörmət etməsi, dinin qəbulunda məcburiyyətin doğru olmadığı qeyd edilir. Bundan əlavə, Ənam surəsinin 107-ci ayəsində dinin təbliğində məcburi metodlardan istifadənin yol verilməməzliyi, 108-ci ayəsində başqa dinlərdən olan insanların tapındığı tanrılara hörmətlə yanaşmaq, onları təhqir etməməy kimi fikirlər Quranda mötədilliyin bariz nümunələridir.
Qurani-Kərimdə əks olunan mötədil davranış tərzi, praktikada da həzrət Peyğəmbər (s.ə.s.)in mülayim davranışlarında özünü büruzə vermişdir. Heç şübhəsiz deyə bilərik ki, Məhəmməd Peyğəmbər (s.ə.s) İslamda mötədilliyin ən ali təmsilçisi, şəxsiyyətidir.
Nəticə olaraq qeyd edə bilərik ki, mötədillik anlayışı istər ayələrdə, istər həzrət Peyğəmbərin (s.ə.s.) və səhabələrin icraatlarında, istərsə də qanunlarda özünü bariz şəkildə göstərmişdir.

Açar sözlər

İslam, Quran, fərqli inanc, tolerantlıq, mötədillik