Bildiriler

Azərbaycanda Mir Məhəmməd Kərim Əl-Bakuvinin Nümunəsində İslam Vəhdətinə Çağırış

t.f.d. Əli Fərhadov Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi Müəllif

Xülasə

XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiyanın işğalı altında olan Azərbaycanda milli və dini problem olaraq, məzhəb və təriqət çatışması mövcud idi. Rusiya hakimiyyəti şiə və sünni müsəlmanların birlikdə yaşadıqları Azərbaycanda məzhəb qarşıdurmasını daha da dərinləşdirir, xalqı bölmək üçün müsəlmanların cahil qalmasına çalışırdı. Hökumətin dəstəklədiyi xristian missionerləri müsəlmanların Quranı öyrənməsinə mane olmağa çalışır və göstərirdilər ki, müsəlmanlar Quran ayələrini dərk edib tətbiq etsələr, Rusiya hakimiyyəti işğalı davam etdirməkdə çətinliklə üzləşəcək. Missionerlərin hökumətə verdikləri təkliflərdə müsəlmanları savadsız buraxmaq və onları nadan, cahil mollalara tabe etmək tövsiyə edilirdi.
Mövhumat və xurafat yayan savadsız mollalara qarşı dövrün Bakı qazısı Mir Məhəmməd Kərim əl-Bakuvi (1853-1938), Axund Mirzə Əbu Turab Axundzadə (v. 1910), Molla Ruhulla (1850-1912) və digər mütərəqqi din xadimləri birlikdə mübarizə apararaq, Azərbaycanda dini islahat və ictimai maarifçilik işi gördülər. Onlar savadsız mollaları, təfriqə yayan uydurma hədisvə rəvayətləri tənqid edərək, İslamın əsl mənbəyinin yalnız Quran olduğunu göstərir, müsəlmanları dini yalnız mənbədən öyrənməyə dəvət edirdilər. Məsələn, əl-Bakuvi azərbaycanca ilk Quran təfsiri olan “Kəşfül-həqayiq”də belə yazırdı: “Ey müsəlmanlar, müsəlman gərək cəmi etiqadını Qurani-Şərifdən alsın. Bir söz ki Qurana ziddir, gərək onu rədd edək. Qurani-Şərifi tərk edib, uydurma sözlərə tabe olmaq İslama ziddir”.
Məzhəb qarşıdurmalarını aradan qaldırlmaq sahəsində Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə ilə birlikdə xidmət edən əl-Bakuvinin bu fəaliyyəti Azərbaycanda böyük əhəmiyyətə malik idi. Dövrün şiə-sünni ziddiyyətinin güclü olduğu bir dövrdə, Bakı şiələrinin rəhbəri olan əl-Bakuvi yazdığı Quran təfsirində bütün səhabələri adil qəbul etmiş ilk üç xəlifəni – Əbu Bəkr, Ömər və Osmanı ittiham edən İbn Əbul-Hədid kimi şiə müəlliflərin fikirlərini qəbul etməmişdir. Əl-Bakuvi Məhəmməd peyğəmbərin xanımı Aişə və bəzi səhabələr haqqında uydurma rəvayətləri təfsirlərində tənqid etmiş, bütün səhabələrdən ehtiramla bəhs etmişdir. Həmçinin IV Xəlifə – Əlinin insanüstü şəkildə təqdim edilməsinə qarşı çıxmışdır.
Müsəlmanları vəhdətə çağıran əl-Bakuvi belə deyirdi: “Hamımızın Allahı bir, Kitabı bir, Peyğəmbəri bir... Bu qədər birlik içində nədən ittifaq edilməsin? Elə bir dərdə düşmüşük ki, dərmanı yoxdur. Bu dərd cəhalət və nifaq dərdidir”.
Deyə bilərik ki, əl-Bakuvinin “Kəşfül-həqayiq” əsərinin tədqiqi və öyrənilməsi İslam coğrafiyasında din adı altında baş verən münaqişələrin, məzhəb ziddiyyətlərinin həlli baxımından faydalıdır və mühüm rol oynaya bilər. Əl-Bakuvinin ortaya qoyduğu ideyalar Azərbaycanın dövlət siyasəti olan İslam həmrəyliyi və multikulturalizm ideyaları ilə həmahəngdir və daim təbliğ edilməlidir.

Açar sözlər

əl-Bakuvi, Quran təfsiri, “Kəşfül-həqayiq”, İslam vəhdəti