Bildiriler

Azərbaycanda Birgəyaşayış Mədəniyyətinin İnkişafına Ali Dini Təhsilın Töhfəsi – “Müqayisəli Teologiya” Fənninin Tədrisi

i.f.d. Ülkər Abuzərova Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının baş müəllimi Müəllif

Xülasə

Azərbaycan geostrateji mövqeyinə görə, tarixən çox sayda dini-siyasi və mədəni dəyişikliklərə məruz qalmış, müxtəlif din və məzhəblərə mənsub insanların sığınacağına çevrilmişdir. Zəngin flora və faunası, yeraltı və yerüstü təbii sərvətləri ilə tarixin bütün dövrlərində qonşu dölətlərin siyasi-iqtisadi maraqlarını cəlb edən Azərbaycan müxtəlif siyasi çəkişmələrin də ocağı olmuşdur. Bu da öz növbəsində, Azərbaycanın müxtəlif etnik qruplar, din və məzhəblərdən ibarət dini-etnik mozaikasının yaranmasına səbəb olmuşdur. Beləliklə, Azərbaycan həm milli-etnik, həm də din-məzhəb baxımdan multikultural və kosmopolit ölkə kimi tanınmışdır.
Belə bir şəraitdə dünyəvi dövlət modeli kimi Azərbaycanda ali dini təhsilin və onun vasitəsilə yüksəkixtisaslı dini kadr hazırlığının dinlərarası və məzhəblərarası münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi prosesində oynayacağı rolun əhəmiyyəti danılmazdır. Bunun üçün ali dini mütəxəssis hazırlığı prosesində dinlərin müxtəlif aspektlərinin, o cümlədən müqəddəs mətnlərinin və inanc əsaslarının müqayisəli şəkildə tədrisi mühüm rol oynayır. Multikultural bir cəmiyyətin müxtəlif inanc sistemlərinin hər birinin öz müqəddəs mətnləri və orijinal mənbələri əsasında öyrənilərək birgəyaşayışın imkanı üçün ortaq nöqtələrin müəyyənləşdirilməsi və inkişaf etdirilməsi bir zərurətdir. Bu sahəyə xidmət edən bir neçə dini elmdən biri olaraq “Müqayisəli teologiya” müasir təhsilin tələblərinə cavab verən digər elm sahələri kimi, ali dini təhsillə cəmiyyət arasında körpü funksiyası görür.
İlk dəfə XVIII əsrdə Qərb teoloqları tərəfindən müxtəlif dinlər arasında olmasa da, Xristianlığın fərqli məzhəblərinin müqayisəli tədqiqi nəticəsində aralarındakı ortaq xüsusiyyətlərin təşhis edilməsi üçün istifadə edilməyə başlanan “müqayisəli teologiya” ifadəsi XIX əsrdən etibarən sistemli şəkildə din elmləri sahəsinə daxil olmuşdur. Xristianlığı digər dinlərlə müqayisə etməklə, üstünlüyünü isbat etmək məqsədi hədəfləyən ilkin tədqiqatlar, tədricən, digər dinləri də əhatə edəcək şəkildə genişləndirilmişdir. Bu mərhələdə sosial elmlərin metodları çərçivəsində dinlərin orijinal mənbələrindən daha dəqiq və təfsilatlı şəkildə tədqiq olunması prosesi başlanmışdır. Bu isə öz növbəsində, bir tərəfdən, elmi ictimaiyyətdə dinlərin müxtəlifliyinə dair yeni yanaşmaların yaranmasına, digər tərəfdən, müxtəlif din mənsublarının radikallığa yol açan eksklüzivist din anlayışının tədricən zəifləməsinə öz töhfəsini vermişdir.
“Azərbaycanda birgəyaşayış mədəniyyətinin inkişafına ali dini təhsilin töhfəsi – “Müqayisəli teologiya” fənninin tədrisi” adlı bu məruzədə teologiya, müqayisəli teologiya, müqayisəli teologiyanın tarixi, mahiyyəti, metodologiyasına dair tarixi məlumatlar təhlil olunacaq, teologiyanın mənbəyi kimi müqəddəs mətnlərin analizinin əhəmiyyəti üzərində durulacaqdır. Multikultural bir ölkədə birgəyaşayış ənənəsinin inkişafı üçün bu fənnin əhəmiyyəti və töhfələri araşdırılacaq, tədris proqramının inkişaf etdirilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində beynəlxalq təcrübəyə əsaslanan nəzəri və praktiki təkliflər təqdim ediləcəkdir.

Açar sözlər

ali təhsil, dini təhsil, birgəyaşayış mədəniyyəti, müqayisəli teologiya