Bildiriler

Quranı-Kərim və Birgəyaşayış Mədəniyyəti

f.f.d., dos. İlkin Əlimuradov Azərbaycan İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının müdiri Müəllif

Xülasə

İslam dininin Müqəddəs Kitabı və onun əsas qayda-qanunlarını ehtiva edən Qurani-Kərimdə birgəyaşayış mədəniyyəti labüd hesab edilir. İnsan amili, seçim azadlığı, ədalətin bərqərar olması, bərabərlik, ayrı-seçkiliyin yolverilməzliyi, həm daxildə, həm də xaricdə sülh şəraitinin təmin edilməsi kimi həyat üçün mühüm əhəmiyyət kəsb edən faktorların İslam dinində nəzərə alınması birgəyaşayış mədəniyyətinə zəmin yaratmışdır.
Bəndələr arasında mövcud olan fikir ayrılıqları haqqında hökm vermək yalnız Allaha məxsusdur. Müxtəlif din və təriqət mənsubları arasında fərqli fikirlərin olması təbii haldır. Tərəflər razılaşmaya bilərlər, lakin bütün hallarda onların bir-birlərinin fikirlərinə hörmətlə yanaşması vacibdir. İslam təşəkkül tapdığı dövrdən etibarən başqaları ilə, xüsusən kitab əhli ilə dialoqun tərəfdarı olmuşdur. Bu ənənə hazırkı dövrdə də davam etdirilir. İslam dini müxtəlif xalq və millətləri bir-birlərini tanımağa, birlikdə yaşamağa çağırır. “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq” (“Hucurat”, 13).
Qurani-Kərimdə birgəyaşayış üçün zəmin yaradan bəzi amillər:
1. İnsan amili. Qurani-Kərimdə Allah yalnız ərəblərin və ya müsəlmanların deyil, bütün insanların Allahı kimi təqdim edilir. Allah Qurani-Kərimdə bütün insanlara müraciət edir: “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadın törədən Rəbbinizdən qorxun!” (“Nisa”, 1). Məhəmməd peyğəmbərin özü də yalnız bir xalq üçün deyil, bütün insanlar üçün Allah tərəfindən seçilmiş peyğəmbərdir: “Biz səni bütün insanlara (Cənnətlə) müjdə verən, (Cəhənnəmdən) qorxudan bir peyğəmbər olaraq göndərdik” (“Səba”, 28).
2. Etiqad azadlığı. İslamda məcburiyyət yoxdur. “Əgər Allah istəsəydi, bütün insanları hidayətə (doğru yola) yönəldərdi?” (“Rad”, 31).
3. Yaşamaq hamının haqqıdır. “Kim bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur” (“Maidə”, 32).
4. Ədalət və bərabərlik. “(Ya Rəsulum!) Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən (onların xeyrinə mübahisə aparan) olma!” (“Nisa”, 105).
5. Sülh, əmin-amanlıq. “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (“Mumtəhinə”, 8).

Açar sözlər

birgəyaşayış, mədəniyyət, birgəyaşayış mədəniyyəti, Qurani-Kərim