Bildiriler

Cənubi Qafqazda Birgəyaşayış Təcrübəsinə Azərbaycan Nümunəsində Təhlükəsizlik Aspektindən Baxış

Sərxanbəy Xuduyev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi idarəetmə fakültəsinin dekan müavini Müəllif

Xülasə

Cənubi Qafqaz Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarını əhatə edən, İran, Rusiya və Türkiyə kimi böyük dövlətlərin arasında yerləşən coğrafi-siyasi regiondur. Region olduqca mürəkkəb etnik struktura malik olub, Azərbaycan türkləri, talışlar, ermənilər, gürcülər, ləzgilər, tatlar, kürdlər və başqa xalqlardan ibarətdir. Etnik strukturu ilə yanaşı, Cənubi Qafqaz üç səmavi dinin dinc birgəyaşayış coğrafiyası olaraq diqqəti cəlb edir. Sözügedən dinlərin regionda bu təcrübəsi VIIVIII əsrlərə qədər uzanır.
SSRİ-nin süqutundan sonra regionda üç təhlükəsizlik təşkilatı dominant güc olmaq uğrunda mübarizəyə başlamışdır. Bunlardan birincisi, Rusiyanın liderliyində Müstəqil Dövlətlər Birliyi (MDB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), digəri isə ABŞ liderliyində – NATO. Bu ziddiyyətli bölgənin təhlükəsizliyini təmin etmək məqsədilə planlanan təhlükəsizlik mexanizmləri bu və ya digər formalarda Azərbaycan, Ermənistan və Gürcüstanı əhatə etməkdədir.
Son dövrlər daha da aktuallaşmağa başlayan qlobal təhlükəsizlik problemləri fonunda regional təhlükəsizliyin təmin edilməsi Cənubi Qafqaz bölgəsi üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, təhlükəsizlik baxımından fərqli dini qrup və etnosların sülh və əmin-amanlıq çərçivəsində birlikdə yaşamaları özünəməxsus siyasət tələb edir. Bir-biri ilə sıx şəkildə yaşayan bölgə xalqlarına multikultural dəyərlərin aşılanması regionda təhlükəsizliyin təmin edilməsinin prioritet məsələsidir.
Digər mühüm məsələ ondan ibarətdir ki, Ermənistan və Azərbaycan respublikaları müharibə şəraitində olduğu halda, Azərbaycanda 120 mindən artıq erməni yaşayır. Bunların 20 mini isə paytaxt Bakıda məskunlaşmışdır. Onların təhlükəsizliyinin və bir etnik azlıq olaraq Azərbaycan xalqı ilə birgəyaşayışının təmin edilməsi olduqca həssas yanaşma tələb edir.
Azərbaycan bir çox cəhəti ilə Cənubi Qafqazın ən tolerant ölkəsidir. Belə ki, qeyd olunduğu kimi, müxtəlif dini qrup və sektaların birgəyaşayış yeri olan Azərbaycanda müxtəlif dinləri təmsil edən şəxslər öz dini ibadətlərini rahat şəkildə yerinə yetirir və bu dini qruplar arasında dini zəmində hər hansı bir toqquşmadan söhbət gedə bilməz. Bununla yanaşı, bir sıra digər ölkələrdə baş verən təriqətlərarası qarşıdurmalar zərbaycan üçün xarakterik deyildir. Sözügedən məsələlər “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməkdədir.

Açar sözlər

Cənubi Qafqaz, birgəyaşayış, təhlükəsizlik, tolerantlıq, etnik müxtəliflik, multikulturalizm