Bildiriler

Həzrət Peyğəmbər Dönümündə Müsəlmanların Əhli-Kitab Mənsubları ilə Əlaqəsi

Saleh Kazımov Bakı Dövlət Universiteti Tarix fakültəsi Qədim dünya və Orta əsrlər kafedrasının dissertantı Müəllif

Xülasə

Qurani-Kərimdə digər dinlər haqqında mövzulara toxunularkən ən çox istifadə edilən ifadələrdən biri əhli-kitab anlayışıdır. Bu məfhum çərçivəsində müxtəlif mübahisələr və fərqli düşüncələr ortaya çıxmışdır. İslam qısa müddətdə sürətlə yayılarkən çevrədəki digər din mənsubları ilə münasibətləri müəyyən etmək lazım gəlir. “Əhli-kitab” məfhumunun hansı din mənsublarına aid edildiyini və mənasının nə olduğunu İslamın baxışı çərçivəsində Qurani-Kərimə müraciət edərək öyrənmək mümkündür.
“Əhli-kitab” məfhumu həm ümumi, həm də xüsusi olaraq ayrı mənalarda başa düşülür. Belə ki, ümumi olaraq QuraniKərimdəki bu termin İslam terminologiyasında müsəlmanlardan əvvəl qədim ilahi dinlərə mənsub olanları da ifadə etmək üçün istifadə edilib. Xüsusi olaraq isə Yəhudilik və Xristianlarıq dini mənsublarını əhatə edir. Bu məqalədə əhli-kitab kimi əsasən xüsusi məna kəsb edən din mənsubları araşdırılacaqdır.
İstər Məkkədə olsun, istərsə də Mədinəyə hicrət etdikdən sonra, Həzrət Peyğəmbər İslamı təbliğ edərkən digər inancdan olan insanlarla qarşılaşmışdır. Həmin inanc sahibləri yeni yaranmış dini həm araşdırmaq, həm öz dinləri ilə müqayisə edib yenilikləri öyrənmək, həm də hər hansı bir təhlükənin ola biləcəyi ehtimalı ilə İslamla yaxından tanış olmaq istəmişlər. Bəzi xristian və yəhudilər İslamı qəbul etməyə başlayırdılar. Bu səbəbdən, bəzən Həzrət Peyğəmbərlə mübahisə etmək və ya məlumat əldə etmək məqsədilə tez-tez görüşür, fikir mübadiləsi aparırdılar. Bəziləri, hətta öz dinlərindəki mübahisəli məsələləri aydınlaşdırmaq üçün müraciət etmişlər.
Bununla yanaşı, Mədinəyə hicrət etdikdən sonra, xüsusilə yəhudilərlə bağlanan müqavilələr, inkişaf etdirilən iqtisadi və ticari əlaqələr diqqət çəkmişdir. Məqalədə, həm də yəhudilərlə yaşanan polemikalara da aydınlıq gətiriləcək və münasibətlərin korlanmasının altında yatan səbəblər tarixi cəhətdən açıqlığa çıxarılacaqdır.
Bütün bu məlumatlar Qurani-Kərim işığında dəyərləndiriləcək, hər iki din mənsubu haqqında verilən məlumatlara baxılacaqdır. Belə ki, istər dövrün hadisələri, istərsə də yəhudi və xristian din alimlərinin Həzrət Peyğəmbərlə olan mübahisələri Quranda öz əksini müəyyən qədər tapmışdır. Məqalədə bu barədə Quranda keçən ayələrə həmin dövrdəki tarixi hadisələrlə aydınlıq gətiriləcəkdir. Beləcə, İslamın hər iki dinə qarşı münasibəti aydınlaşdırılacaqdır.

Açar sözlər

əhli-kitab, Qurani-Kərim, İslam dini, Peyğəmbər dövrü