Bildiriler

Quranı-Kərimdə Mötədillik Nümunələri (Təlm-Təblig Konteksində)

f.f.d. Faiq Əhmədzadə Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Müəllif

Xülasə

Bir çox dinin meydana gəlməsinin səbəbi araşdırılsa, onların sevgi və sülhün təcəssümü olaraq ortaya çıxdığını müşahidə etmək mümkündür. İslam dini də həmin iki anlayışı insanlar arasında yaymaq missiyasını daşımışdır. Bunun ən mühüm təzahürü olaraq Qurani-Kərimdəki ayələr və Həzrət Peyğəmbərin həyatındakı icraatları nümunə göstərmək mümkündür.
İslam dini meydana çıxdığı gündən etibarən, insanla-Tanrı və insanla-insan arasındakı münasibətə diqqətlə yanaşmışdır. İnsanların həm özlərinə, həm də bir-birlərinə olan münasibətlərində ədalətli davranmaları, şəxsi maraqlarından daha çox cəmiyyətin mənfəəti üçün səy göstərmələri Qurani-Kərimin çatdırmaq istədiyi ən ümdə məsələlərdəndir.
Cəmiyyətin rifahının əsas dayağı sülh içərisində birgə yaşamağı bacarmaqdır. İslam dini bunu təmin etmək üçün çalışmışdır. Qurani-Kərimdə digər inancdan olan insanlara hörmətlə yanaşmanın əhəmiyyəti bir çox yerdə vurğulanmışdır. Belə ki, Quranda Allahdan başqasına sitayiş edənlərin inanclarına söyməməyi tövsiyə edilmişdir (“Ənam”, 6/108). Başqa bir ayədə Əhli-Kitabdan olan kəsləri qınamamaq və onlara qarşı sərt çıxış etməməyin daha doğru olması vurğulanmışdır (“Bəqərə”,
2/109). İctimai işlərdə belə onlarla birlikdə iştirak etməyə icazə verilmiş, onlarla evlilik, ticarət, yaxınlaşmaq uyğun görülmüş, onların kəsdiyi ətdən yemək halal buyurulmuşdur (“Maidə”, 5/5, “Aliİmran”, 3/64). Bununla yanaşı nə qədər qarşıdurma yaşasalar da, müşriklərdən müsəlmanlara sığınanları qorumaq, onlara əmin-amanlıq şəraiti yaratmağın mühümlüyü QuraniKərimdə xüsusi vurğulanmışdır (“Tövbə”, 9/6-7).
Qeyd edilən nümunələrə əsasən demək olar ki, İslamın təməli sayılan Qurani-Kərimdə digər inancdan olan insanlara qarşı hörmətlə yanaşmaq, onlarla eyni coğrafiyanı paylaşmaq, birgəyaşayışa üstünlük vermək, mötədil davranışın əhəmiyyətini dərk etməyə sövq edilmişdir. Eyni zamanda, İslam dininin təlim və təbliği zamanı məcburiyyətə yol vermək qəti şəkildə qadağan edilmişdir (“Bəqərə”, 2/256). Əksinə, Həzrət Peyğəmbərlə yumşaq və xoş danışmanın mühümlüyü buyurulmuşdur. Quranda onun hökmranlıq sürməyə gəlmədiyi, sadəcə, xəbərdaredici kimi gəldiyi qeyd olunur (“Qaşiyə”, 88/21). Başqa bir ayədə isə Peyğəmbərin yumşaq davranışının insanlara xoş təsir bağışlamasına, sərt olsaydı, onun ətrafından dağılışa biləcəklərinə diqqət çəkilmişdir (“Ali-İmran”, 3/159).
Qurani-Kərimdə istər Əhli-Kitabdan olanlara, istərsə də müşriklərə qarşı ən gözəl şəkildə mücadilə etmək tövsiyə edilmişdir (“Ənkəbut”, 29/46, “Nisa”, 4/63). Bununla yanaşı, insanları hikmətlə, gözəl öyüd-nəsihətlə İslama dəvət etmək bu dinin üstünlük verdiyi yoldur. Bu da onu göstərir ki, başqa inanc sahiblərinə qarşı mötədil davranış Qurani-Kərimə görə ən uyğun seçim hesab edilir.

Açar sözlər

Qurani-Kərim, təlim metodu, mötədil yanaşma, inanc, birgəyaşayış